ADA Universiteti Avropa İttifaqı üzrə Bilik Mərkəzinin təşkil etdiyi yay düşərgəsinin iştirakçıları Bakı Nəqliyyat Agentliyində tanışlıq səfərində olublar

28.07.2021 19:04

ADA Universiteti Avropa İttifaqı üzrə Bilik Mərkəzinin təşkil etdiyi yay düşərgəsinin iştirakçıları Bakı Nəqliyyat Agentliyində tanışlıq səfərində olublar. İlk olaraq Agentliyin mərkəzi apartında yay düşərgəsi iştirakçısı olan məktəblillər üçün brifinq keçirilib. Tanışlıq səfərinin əhəmiyyətini qeyd edən Bakı Nəqliyyat Agentliyinin Aparat rəhbəri Gülşən Rzayeva gənc nəslin ölkəmizin inkişafı ilə bağlı məlumatlandırılmasının vacibliyini vurğulayıb və bu kimi tədbirlərin düşərgə iştirakçıları üçün faydalı olacağını bildirib. Şəhər nəqliyyat sisteminin müasirləşdirilməsi, insanyönümlü şəhər mühitinin formalaşması istiqamətində görülən işlər barədə məktəblilərə məlumat verib. Bütün sahələr üzrə dövlətin həyata keçirdiyi tədbirlərin gələcəkdə qalib ölkənin gəncləri tərəfindən uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. 

Səfər çərçivəsində məktəblilər istehsalat bazasında müntəzəm sərnişindaşımalarda istifadə olunan avtobusların təmir mərkəzi ilə tanış olub. Məlumat verilib ki, ekoloji baxımdan təmiz Avro-6 standartlarına cavab verən bu avtobuslar Dövlət başçısınını tapşırığına əsasən gətirilib və bu proses davam etdirilir. Vətəndaşların rahatlığı üçün avtobus parkının yenilənməsi ilə bağlı görülən tədbirlər insanlarda ictimai nəqliyyata marağı daha da artırır.  

İştirakçılar Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzinin işi ilə də tanış olublar. Monitor zalında olan məktəblilər şəhər yollarında nəqliyyat axınının tənzimlənməsi işlərini əyani seyr ediblər. 

Məktəblilərə Agentlik tərəfindən həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan innovativ layihələr haqqında məlumat verilib.

Tanışlıq səfəri zamanı məktəbliləri Nəqliyyat Könüllüləri müşayiət edib.
 
Vətən müharibəsində qazanılmış böyük zəfərə həsr olunan düşərgənin əsas məqsədi məktəblilərə Vətəni tanıtmaqdır. Düşərgə müddətində uşaqlar müxtəlif qurum, muzey və incəsənət mərkəzlərinə səfər edərək onların fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.