BNA tərəfindən yeni dayanacaq pavilyonu quraşdırılıb

02.08.2019 12:24

Vətəndaşlarımıza rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədi ilə ictimai nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi işləri davam etdirilir. Daxil olan vətəndaş müraciətləri nəzərə alınmaqla, eyni zamanda mütəxəssislərimiz tərəfindən aparılan təhlillərin nəticələrinə uyğun olaraq bu ilin əvvəlindən indiyədək 100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb. Ən son Pirallahı rayonunda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib və pavilyon qoyulub. Yeni pavilyonların quraşdırılması ilə yanaşı mövcud olanlardakı çatışmazlıqlar da aradan qaldırılır. İşlər əsasən ətraf kənd və qəsəbələrdə həyata keçirilir.
İctimai nəqliyyatda keyfiyyətin yüksəldilməsi, sərnişinlərin təhlükəsizliyinin artırılmasının əsas şərtlərindən biri avtobus dayanacaq məntəqələrinin düzgün təşkil edilməsidir.

Agentlik tərəfindən şəhərimizdə ilk dəfə Məhəmməd Xiyabani küçəsində çıxıntılı avtobus dayanacaq məntəqəsi təşkil edilib. Bu tip dayanacaq məntəqəsi avtobusa manevr etmədən dayanacağa daxil olmağa və çıxmağa imkan verir. Dayanacaq məntəqəsinin uzunluğu ərazidə xidmət göstərən avtobusların uzunluğuna və sayına görə dəyişə bilər.

Bu dayanacaq məntəqələrinin üstünlükləri aşağıdakılardır:

  • Dayanacaq məntəqəsinin təşkili üçün minimum ərazi tələb olunur (pavilyon yerləşdirilmədikdə bu tip dayanacaq məntəqələrinin uzunluğunu hətta 3 metr təşkil edə bilər);
  • Qanunsuz parklanmanın qarşısını alır;
  • Avtobusun səkiyə paralel şəkildə 5 sm-ə qədər yaxınlaşmasını;
  • Minib-düşmə vaxtını minimuma endirir;
  • Avtobus dayanacaq məntəqəsində keçirdiyi vaxtı azaldır;
  • Sərnişinlərə gözləmək üçün əlavə sahə təmin edir.