BNA-nın İdarə Heyətinin sədri daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirib

03.06.2019 17:18

Bakı Nəqliyyat Agentliyində paytaxtda keçirilən UEFA Avropa Liqasının Final Oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin rəhbərləri ilə görüş keçirilib. Görüşdə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli çıxış edərək oyun zamanı nəqliyyat əməliyyatlarının yüksək səviyyədə keçirildiyini vurğulayıb, bu işləri lazımi səviyyədə icra edən daşıyıcı şirkətlərin rəhbərlərinə və sürücülərə minnətdarlığını bildirib. Görüşdə, həmçinin, Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında qoyduğu tələblər, onların icra vəziyyətinə dair tövsiyə və xəbərdarlıqlar edilib. O cümlədən, avtobusların texniki baxımdan qoyulan tələblərə uyğunlaşdırılması, vətəndaşlara göstərilən xidmət səviyyəsinin keyfiyyətinin artırılmasının vacibliyi bir daha daşıyıcıların diqqətinə çatdırılıb.