Bakı Nəqliyyat Agentliyi UİTP-nın illik toplantısında təmsil olunur

24.11.2018 10:16

Belçikanın paytaxtı Brüsseldə İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın (International Association of Public Transport-UİTP) növbədənkənar ümumi yığıncağı keçirilir. 96 ölkədən 200-dən artıq şəhər nəqliyyatına məsul qurumu özündə birləşdirən təşkilatın toplantısında Bakı Nəqliyyat Agentliyinin Strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri Orxan Kazımov da iştirak edir. Toplantı çərçivəsində təşkilatın yeni nizamnaməsi qəbul edilib. 2017-ci ildə görülən tədbirlərin, büdcə-audit hesabatları və digər sənədlərə baxılıb, növbəti ilin büdcəsi təsdiq olunub. Həmçinin, təşkilatın yeni Vitse-Prezidenti seçilib. Yeni nizamnaməyə əsasən bundan sonra hər il təşkilatın ümumi yığıncağı keçiriləcək. Qeyd edək ki, toplantıda keçirilən səsvermələrdə Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi də iştirak edib. Belə ki, Assosiasiyaya yeni üzv olan Bakı Nəqliyyat Agentliyi də səsvermək hüququna malikdir. Tədbir çərçivəsində Bakı Nəqliyyat Agentliyinin Strateji inkişaf və maarifləndirmə şöbəsinin müdiri Orxan Kazımov İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyanın Baş katibi Mohamed Mezgani ilə də görüşüb.