“Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verilib

19.11.2022 12:43

Azərbaycan Könüllülər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramının təşkilati dəstəyi ilə “Aktiv mobillik və yol hərəkəti təhlükəsizliyi” adlı yeni layihəyə start verilib.
Layihənin məqsədi gənclərin yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, hərkəs üçün əlçatan, mobil və dayanıqlı şəhər mühitinin yaradılmasının təşviqidir. 18 noyabr tarixində keçirilən layihənin açılış tədbirində Azərbaycan Könüllülər İctimai Birliyinin prezidenti İmaməddin Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Beynəlxalq əməkdaşlıq məsələləri üzrə nümayəndəsi Toğrul Məmmədli, “Nəqliyyat Könüllüləri” proqramının rəhbəri, “Avropa Mobillik Həftəsi”nin Azərbaycan üzrə koordinatoru Nahid Quliyev, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli, "Azərbaycan Dəmir Yolları" QSC  Mətbuat Katibliyi şöbəsinin rəhbəri Natavan Bayramova və “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov iştirak ediblər. Qonaqlar çıxış edərək layihə ilə bağlı fikir və təcrübələrini iştirakçılarla bölüşüblər.
Çıxışlardan sonra layihə çərçivəsində hazırlanan “Sehirli Çubuq” sosial çarxının tizeri iştirakçılara nümayiş olunub. Filmin çəkiliş qrupunun rəhbəri Tural Rəsulov filimin ideyası haqqında iştirakçılara məlumat verib.
Layihə çərçivəsində Bakı şəhərində 30 nəfərə yaxın gənc iştirakçılara yol hərəkəti qaydalarına və müasir şəhər mobilliyinin prinsiplərinə dair bilik və bacarıqlarının artırılması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində qeyri-formal təhsil metodundan istifadə olunaraq görüşlər və praktiki məşğələlər təşkil olunacaq. 
Ümumilikdə 4 gün müddətində “Dayanıqlı şəhər mobilliyinin təşviqində könüllülərin iştirakçılığı”, “Şəhər Mikromobillik Həlləri”, “Dayanıqlı Şəhər Mobilliyinin prinsipləri” və “İctimai Nəqliyyat Mobilliyin əsasıdır” kimi mövzular üzrə ixtisaslaşmış ekspertlərlə gənclərin görüşü təşkil olunacaq.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.